" Zərurət doğurmayan hər bir cəza tiranlıqdır. Cəza baş vermiş cinayətin təbiətinə uyğun olmalıdır".
Şarl Monteskye
Kriminologiya - ( latın sözü crime- cinayət və yunan sözü logos- təlim) - cinayətkarlığı öyrənən elmdir. İlk dəfə Kriminologiya terminin 1879- cu ildə Topinar adlı antropoloq istifadə etmişdir.1885-ci ildə isə "Kriminologiya" adlı kitabı italyan Rafayel Qarofalo dərc etmişdir.
Kriminologiya - cinayətkarlığın yaranmasını , onun inkişafını , cinayətkarlığın səbəblərinin və şəraitinin , cinayətkarın şəxsiyyətinin və həmçinin cinayətin qarşısının alınmasında preventiv tədbirlərin mexanizminin öyrənən elmdir. Kriminologiya həm hüquqi həmdə ki sosial elmdir.
Kriminologiyanın predmeti beş əsas elementdən ibarətdir:
1). Cinayətkarlıq.
2). Cinatətkarlığın səbəbi və şəraiti.
3). Cinayətkarın şəxsiyyəti.
4). Cinayətin qurbanı.
5). Cinayətin qarşısının alınması.
Kriminologiya bir müstəqil elm kimi aşağıdakı elmlərlə sıx əlaqəlidir:
1. Hüquq- cinayət hüquq qanunvericiliyin və məhkəmə təcrübəsinin analizi, cinayət və cəzaların klassifikasiyası.
2. Sosiologiya - cinayətkarlıq kontekstində , fərdlərin hərəkətlərinə təsir edən sosial faktorları öyrənir.
3. Psixologiya-cinayətin törədilməsində cinayətkarların şəxsi və psixoloji faktorların, həmçinin cinayətkarların motivlərinin öyrənilməsi.
4. Tibb- ( xüsusilə tibbi psixiatriya) insanın cinayətə münasibətdə fizioloji və psixi amillərin öyrənilməsi və cinayətin açılmasında tibbin rolu.
5. İqtisadiyyat- cinayətkarlığın inkişafına səbəb olan iqtisadi amillərin öyrənilməsi( yoxsulluq, işsizlik).
Kriminologiyada üç əsas məktəb mövcuddur:
1. Klassik məktəb .
Nümayəndəri: Çezare Bekkaria, Deni Didro, Şarl Monteskye və Tomas Mor.
Əsas prinsiplər: a). zərurət yoxsa cəza təyin edilməməlidir; b). cinayətkara münasibət insanpərvər olmalıdır; c). cinayətin qarşısını almaq , cinayətə görə cəza təyin etməkdən daha vacibdir; d). cəzanın ağırlığı cinayətin ağırlığına uyğun olmalıdır.
2.Antropoloji məktəb .
Nümayəndələri: Çezare Lombrozo , Dmitriy Dril.
Əsas prinsiplər: a). anadan doğulan cinayətkarın olması; b). cinayətkarların antroploji xüsusiyyətlərə görə klassifikasiyası;c). insanın xarakterində cinayətə meyillilik elementlərinin olması; d). cinayətin səbəbi cinayətkarın hərəkətində deyil , onun antropoligiyasındadır.
3. Cinayət Sosiologiyası cərəyanı.
4. Nümayəndələri: Enriko Ferri , Frans fon List , Güstav Aşaffenberq.
Əsas prinsiplər: a). cinayətin genezisini həm cinayətkarda axtarmaq həmdə cinayətkarın yaşadığı mühitdə ;b). cəza cinayətkarlıqla mübarizədə ən effektiv vasitə deyil , daha güclü təsirə malik preventiv tədbirlərdir;c). cinayətkar tədricən formalaşır və cinayət törədir;d). sosioloji faktorların təsiri;e).cinayətin səbəbini cinayətkarda yox , cinayətkarın yaşadığı mühitdə axtarmaq gərək.
Cinayətkarın şəxsiyyəti kriminologiyada başlıca problemlərdən biri sayılır. Cinayətkar davranışın törədilməsində əsas səbəblərdən müəyyən qismini subyektiv determinantlar tutur.
Hər insan bir tərəfdən bioloji , digər tərəfdən isə sosioloji varlıqdır. Onu bioloji varlıq kimi səciyyələndirən xüsusiyyətlər fərd termini , sosial varlıq kimi səciyyələndirən xüsusiyyətlər şəxsiyyət termini ilə ifadə olunur.
Şəxsiyyət insanın sosial keyfiyyətinin təzahür formasıdır. Bu keyfiyyətlər insanda anadan olduğu andan yox , ictimai münasibətlərin axarında yaranır. İnsan şəxsiyyəti bir növ ictimai münasibətlər prosesində sosiallaşmanın məhsulu sayılır.O, cəmiyyətdə digər insanlarla ünsiyyətdə olaraq yaşayır və şəxsiyyət kimi formalaşaraq inkişaf edir.Beləliklə insanın şəxsiyyəti dedikdə , onun sosial mühitdə əlaqəsini və qarşılıqlı təsirini özündə əks etdirən sosial psixoloji xüsusiyyətlərin cəmi başa düşülür.
Cinayətkarın şəxsiyyəti də insanın sosial məzmunu ilə bağlıdır. Cinayətkarın şəxsiyyətinə təsir etməklə biz cinayətkarlığa dağıdıcı təsir göstərmiş oluruq.
Kriminoloq alimlərin cinayətkarın şəxsiyyətinin anlayışına dair fikirləri müxtəlifdir.Onlardan bəziləri hesab edirlər ki , cinayətkarın şəxsiyyəti dedikdə insanın cinayət törətməsinə şərait yaradan kriminoloji xüsusiyyətlərinin cəmi kimi müəyyən qism alimlərin fikrincə isə cinayətkarın şəxsiyyəti dedikdə cinayət törətmiş , ictimai maraqlara mənfi münasibət bəsləyən , ictimai təhlükəli yol seçən insan başa düşülür.
V.N.Volkov dünyada bir-birini təkrarlayan şəxsiyyətin olmadığını vurğulayaraq hesab edirdi ki , şəxsiyyət dedikdə aşağıdakılar başa düşülməlidir:
1. Sosial münasibətlərin və düşünülmüş fəaliyyətin subyekti.
2. Onu xarakterizə edən sosial əhəmiyyətli bioloji xüsusiyyətlərin dayanıqlı sistemi.
3. Psixikanın həyat prosesində əldə edilmiş imkan və xüsusiyyətlərinin daşıyıcısı.
Fikrimcə cinayətkarın şəxsiyyəti - cinayət törətmiş şəxsi xarakterizə edən və onun cinayətkar davranışına təsir göstərən sosial psixoloji , psixofizioloji, sisial- demoqrafik , cinayət- hüquqi əlamətlərin , xüsusiyyətlərin , əlaqə və münasibətlərin cəmidir.
Şəxsin cinayət törətməsinə təkan verən xüsusiyyətləri müəyyən dövr ərzində yaranır və onun " Kriminogen" şəxsiyyət kimi formalaşmasına səbəb olur. Kriminogenlik cinayət törətməyə meyli ilə seçilən şəxsin xarakteristikasını əks etdirir. O , insanda anadangəlmə olaraq mövcud olmur, onun fərdi xüsusiyyətlərinin neqativ mikromühitlə təsiri prosesində yaranır.
Kriminogen şəxsiyyət yalnız bir nəticə kimi deyil , həmçinin onun formalaşması prosesi də nəzərdən keçirilməlidir. Kriminogen şəxsiyyətin formalaşması cinayətin törədilməsi anından çox əvvəl başlayır və sonu cinayət törədildikdən sonra da davam edə bilər.
Cinayət törətmiş şəxslərin aşağıdakı tipləri vardır:
1. Təsadüfi ( ehtiyyatsız ) tip - cinayəti ehtiyyatsızlıqdan törədən şəxslər.
2. Şəraitin təsiri altında cinayət törədən ( situativ ) tip- xarici mühitin qeyri qənaətbəxş təsiri altında cinayət törədən şəxs.
3. Qəddar tip- əvvəllər dəfələrlə cinayət törətmiş, lakin onlara görə heç bir cinayət-hüquqi təsirə məruz qalmamış şəxs.
4. Xüsusilə qəddar tip- cinayət hüquqi təsirə məruz qalmağına baxmayaraq yenidən cinayət törətmiş şəxs.
5. Peşakar tip- bu tipə aid olan şəxslər kriminal yönümdə ixtisaslaşır və maddi durumlarının mənbəyi cinatətkar fəaliyuətdir.
Hüquqşünas, Kriminologiya üzrə ekspert Faxir Ağayev.
ARHDA.MEDIA






















