İyunun 17-də Özbəkistan paytaxtında V Daşkənd Beynəlxalq İnvestisiya Forumu açılıb.
“ARHD.MEDiA” xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov forumun plenar iclasında iştirak edib.
Tədbirdə çıxış edən Ə. Əsədov vurğulayıb ki, Özbəkistanın investisiya cəlbediciliyinin möhkəmlənməsi öz əksini ölkəyə artan beynəlxalq maraqda tapır və Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakçıların sayının hər il artması bunun parlaq sübutudur.
Baş nazir qeyd edib ki, öz növbəsində, Azərbaycan da bu cür təşəbbüslərə beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsində vacib alət kimi baxır.
Hökumət başçısı bildirib ki, ötən il Birinci Beynəlxalq İnvestisiya Forumu keçirən Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb.
Onun sözlərinə görə, forum investorların, biznes nümayəndələrinin və beynəlxalq maliyyə qurumlarının yüksək səviyyədə marağını nümayiş etdirib. Qeyd edilib ki, bu ilin sentyabr ayında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həmin uğurun məntiqi davamı olacaq.
Ətraflı
Ə. Əsədov Azərbaycanın investisiyaların cəlb edilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması sahəsindəki təcrübəsini bölüşüb. Vurğulanıb ki, Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüsünün dəstəklənməsi siyasətini həyata keçirir.
Qeyd edilib ki, son iyirmi ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür. Ölkədə investorların hüquqlarının etibarlı qorunmasını, investisiya təhlükəsizliyinə zəmanət verilməsini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şəraitin yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb.
Azərbaycanın Avrasiyada əsas nəqliyyat yollarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyindən irəli gələn rəqabət üstünlüklərinə xüsusi diqqət yetirilib. Hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına əhəmiyyətli dərəcədə investisiya qoymaqda davam edir, bununla da regional əlaqələrin gücləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə şərait yaradır.
Azərbaycanın Avrasiyada əsas nəqliyyat yollarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyindən irəli gələn rəqabət üstünlüklərinə xüsusi diqqət yetirilib. Hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına əhəmiyyətli dərəcədə investisiya qoymaqda davam edir, bununla da regional əlaqələrin gücləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə şərait yaradır.
Baş nazir, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın yüksək potensialını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan öz qarşısına milli enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaq kimi iddialı məqsədlər qoyub. Ölkədə miqyaslı Günəş və külək enerjisi layihələri həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb edilir və investorlar üçün yeni imkanlar yaradılır.
Ə. Əsədov, həmçinin beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsinin artan əhəmiyyətini vurğulayıb. Maliyyə resurslarını birləşdirən və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradan birgə investisiya fondlarının bu sahədə effektiv mexanizm olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan dost dövlətlərlə birgə investisiya platformaları yaratmaq təcrübəsini ardıcıl olaraq inkişaf etdirir.
Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birlikdə yaradılmış investisiya fondları bu gün artıq iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin və perspektivli sektorlara investisiyaların cəlb edilməsinin hərəkətverici vasitəsi kimi xidmət edir.
Baş nazir çıxışının sonunda beynəlxalq investisiya əməkdaşlığının daha da gücləndirilməsinin dayanıqlı inkişaf və milli rifah kimi ortaq məqsədlərə nail olmağa töhfə verəcəyinə əminliyini ifadə edib.























