
azərbaycan prezidenti ilham əliyev bu gün çin dövlət şurasının baş nazirinin müavini can quoçini qəbul edib.
“arhd.media” xəbər verir ki, qonaq, ilk növbədə, çin xalq respublikasının sədri si cinpinin salamlarını azərbaycan prezidentinə çatdırıb.
o qeyd edib ki, si cinpin prezident ilham əliyevi çinin dostu kimi dəyərləndirir.
dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını si cinpinə çatdırmağı xahiş edib. prezident ilham əliyev deyib ki, çin xalq respublikasının sədrinin onu çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.
can quoçin bmt-nin ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib və ölkəsində bu foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb. o, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə prezident ilham əliyevə təbriklərini çatdırıb. qonaq, həmçinin forumun açılış mərasimində azərbaycan prezidentinin çıxışının çox məzmunlu olduğunu deyib.
dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
prezident ilham əliyev çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib.
azərbaycan-çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırlayıb, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib.
o, çinin tayvan regionu ilə əlaqədar azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirib. çinin də azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
can quoçin qeyd edib ki, çin azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.
prezident ilham əliyev çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib. dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd edib.
prezident ilham əliyev azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb. dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz çinin tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. prezident ilham əliyev bu xüsusda vurğuladı ki, azərbaycan “vahid çin” siyasətini daim dəstəkləyir.
söhbət zamanı müxtəlif sahələri əhatə edən azərbaycan-çin münasibətlərinin uğurlu inkişafı vurğulanıb.
yeni azərbaycan partiyası və çin kommunist partiyası arasında əlaqələr qeyd olunub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb. azərbaycanla çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.





























