bakı, 4 avqust, arhd.media
xin iranın xarici işlər nazirliyinin mətbuat katibinin azərbaycanda həbsdə olan iran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirib
iran islam respublikasının xarici işlər nazirliyinin mətbuat katibi ismayıl bəqainin guya azərbaycanda iran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur.
arhd.media xəbər verir ki, bunu azərbaycanın xarici işlər nazirliyinin mətbuat katibi ayxan hacızadə sözügedən iddialara dair şərhində bildirib.
onun sözlərinə görə, “konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli vyana konvensiyasının müddəalarına uyğun olaraq, ölkəmizdə saxlanılan və həbs edilən bütün iran islam respublikası vətəndaşları haqqında məlumatlar iran tərəfinə rəsmi qaydada təqdim edilib.
azərbaycan respublikasının ədliyyə nazirliyinin penitensiar müəssisələrində saxlanılan, iran islam respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.
qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq və ailə üzvləri ilə görüşmək hüquqlarından istifadə edirlər. bəzi penitensiar müəssisələrdə iran islam respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.
həbsdə saxlanılan əcnəbilər, o cümlədən iran islam respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. bununla yanaşı, iran islam respublikasının azərbaycan respublikasındakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.
yalnız 2025-ci ildə iran islam respublikasının səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 nəfər iran vətəndaşı arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. son olaraq belə görüş iki iran vətəndaşı ilə iyulun 31-də baş tutub.
ayxan hacızadə fikrincə, azərbaycan tərəfinin, həmçinin bir sıra iran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi iran tərəfinə yaxşı məlumdur. məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında azərbaycan respublikası prezidentinin 2025-ci il 26 may tarixli sərəncamı ilə 5 nəfər iran vətəndaşı əfv edilib.
xarici işlər nazirliyinin mətbuat katibi əlavə edib ki, bu tədbirlərə baxmayaraq, iranda saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar azərbaycanın bu ölkədəki diplomatik missiyalarına təqdim olunmur, vətəndaşlarımıza əksər hallarda irandakı diplomatik missiyalarımızla və ailə üzvləri ilə görüşməyə, telefon əlaqəsi qurmağa, 1998-ci il fevralın 21-də bakı şəhərində imzalanmış “azərbaycan respublikası hökuməti və iran islam respublikası hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini azərbaycanda çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir. eyni zamanda, sorğu olunmasına baxmayaraq azərbaycan vətəndaşlarının işləri ilə bağlı iranda keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə azərbaycan tərəfinə məlumat verilmir.
“ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. digər məsələlərlə yanaşı bu istiqamətdə danışıqlar 2025-ci il aprelin 15-də tehran şəhərində azərbaycan respublikasının xarici işlər nazirliyi və iran islam respublikasının xarici işlər nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb”, - deyə ayxan hacızadə vurğulayıb.























