bakı, 25 iyun, arhd.media
azərbaycanın xarici işlər naziri iranın yeni səfiri ilə israil-iran qarşıdurmasını müzakirə edib
iyunun 25-də azərbaycanın xarici işlər naziri ceyhun bayramov iranının ölkəmizdə yeni təyin olunmuş səfiri müctəba dəmirçilu ilə görüşüb.
azərbaycan xarici işlər nazirliyindən arhd.media-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini ceyhun bayramova təqdim edib. nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
sonra iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən israil-iran qarşıdurması müzakirə olunub.
azərbaycanla iran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.
israil-iran qarşıdurması ilə əlaqədar ölkəmiz tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb. iran islam respublikasının silahlı qüvvələrinin baş qərargah rəisinin, digər rəsmi şəxslərin və iran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib. mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacibliyi qeyd edilib.
azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və iranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə azərbaycan tərəfinə təşəkkür ifadə olunub.
görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

























