bakı, 20 iyun, arhd.media
xarici ölkə vətəndaşlarının irandan təxliyəsində azərbaycanın rolu təqdir olunub
iyunun 20-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov ilə avropa ittifaqının (ai) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, avropa komissiyasının vitse-prezidenti kaya kallas arasında telefon danışığı aparılıb.
xarici işlər nazirliyindən arhd.media-a bildirilib ki, telefon danışığı zamanı israil-iran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.
tərəflər israil-iran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. avropa ittifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının irandan təxliyəsində azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir edilib.
tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






















