ankara, 16 may, arhd.media
hakan fidan: türkiyə rusiya ilə ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylərini davam etdirəcək
türkiyənin xarici işlər naziri hakan fidan ukrayna ilə bağlı istanbulda keçirilən danışıqların yekunlarını sosial şəbəkələrdə şərh edib.
arhd.media xəbər verir ki, türkiyə diplomatiyasının rəhbəri türkiyə – abş – ukrayna və türkiyə – rusiya – ukrayna formatlarında keçirilən üçtərəfli görüşləri “sülh üçün əhəmiyyətli” adlandırıb.
“bu gün bütün dünya üçün sülh baxımından önəmli bir gün oldu. aktiv diplomatik səylər nəticəsində rusiya və ukrayna nümayəndə heyətləri türkiyənin vasitəçiliyi ilə istanbulda görüş keçirdilər. etimadın artırılması istiqamətində atılan addım kimi minə-min formatında əsir mübadiləsi barədə razılıq əldə olunub. bundan başqa, atəşkəslə bağlı şərtlərin yazılı şəkildə hazırlanması da razılaşdırılıb”, – deyə türkiyənin xin rəhbərinin paylaşımında bildirilir.
hakan fidan həmçinin tərəflərin növbəti görüşünün keçirilməsi ilə bağlı prinsipial razılığın əldə olunduğunu qeyd edib.
“türkiyə davamlı sülhə doğru irəliləyiş üçün səylərini davam etdirəcək”, – deyə nazir vurğulayıb.























