bakı, 16 may, arhd.media
qərbi azərbaycana qayıdış: irəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans
azərbaycan dövlət pedaqoji universitetinin (adpu) şamaxı filialında “qərbi azərbaycana qayıdış: irəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
adpu-dan arhd.media-a bildirilib ki, konfransı filialın direktoru dosent tünzalə yusifova açaraq, son 200 ildə azərbaycan xalqının başına gətirilən faciələrdən, soyqırımlarından, deportasiyalardan danışıb. qərbi azərbaycan məsələsinin həmişə gündəmdə olduğunu, zəfərlə başa çatan 44 günlük vətən müharibəsindən sonra bu məsələnin daha da aktuallaşdığını dilə gətirib. o, prezident ilham əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacaqlarına inandığını bildirib.
konfransda adpu-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor fərrux rüstəmov “xix əsrdə və xx əsrin əvvəllərində irəvanda maarifçilik hərəkatı” mövzusunda məruzə edib. professor xix əsrin əvvəllərində xalqımızın milli faciəsinin əsasına çevrilən kürəkçay, gülüstan, türkmənçay müqavilələrinin mahiyyətindən, ermənilərin qərbi azərbaycana (indiki ermənistan ərazisinə) köçürülmələrindən danışıb. məruzədə ruslaşdırma, xristianlaşdırma siyasətini həyata keçirməyə çalışan çar rusiyasının bu bölgədə açdığı dünyəvi məktəblərin (qəza məktəbi, progimnaziya, gimnaziya, müəllimlər seminariyası, rus-tatar-azərbaycan) tarixindən və taleyindən bəhs edilib. irəvandakı maarifçilik hərəkatının milli-mədəni qaynaqlarını şərh edən professor f.rüstəmov bu hərəkatın formalaşmasında azərbaycan xalqının zəngin elmi-mədəni və folklor ənənələrinin, islam şərqinin elmi-fəlsəfi irsinin (xüsusilə məktəb və mədrəsələrin) və o dövrün ictimai-siyasi proseslərinin mühüm rol oynadığını vurğulayıb. qeyd edilib ki, irəvan maarifçilik mühitinin azərbaycana bəxş etdiyi böyük din xadimlərinin, maarifçilərin, ziyalıların öz fəaliyyətləri ilə yalnız dini və dünyəvi təhsilin inkişafına deyil, həm də milli-mədəni kimliyin qorunub saxlanmasına və yeni nəsillərin maariflənməsinə dəyərli töhfələr verib.
sonra adpu-nun ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru yaqub babayev “professor fərrux rüstəmovun qərbi azərbaycanın təhsil tarixi ilə bağlı tədqiqatları” mövzusunda çıxış edərək, onun “irəvan müəllimlər seminariyası və onun məzunları” və “irəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitablarının məziyyətlərindən söz açıb.
konfransdan sonra professor fərrux rüstəmov filialın professor-müəllim heyəti ilə dəyirmi masada görüşərək müəllimlik ixtisasları ilə bağlı yeni nəsil təhsil proqramlarının hazırlanmasına verilən tələblərdən, gələcəyin müəllimlərində formalaşdırılmalı olan peşə səriştələrindən danışıb, sualları cavablandırıb.


























