bakı, 30 aprel, arhd.media
aprelin 30-da dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri ramin məmmədov səmərqənddə “maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransın açılış mərasimində çıxış edib.
dövlət komitəsindən arhd.media-a bildirilib ki, konfransda özbəkistan prezidenti şavkat mirziyoyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.
ramin məmmədov inkişaf edən qlobal mədəni mənzərə ilə birlikdə yeni çağırışların, eləcə də təhdidlərin yaranması fonunda davamlı sülhün və təhlükəsizliyin əsas təməlləri kimi birgə yaşayışı təşviq etmək, habelə tolerantlıq, həmrəylik və multikulturalizm dəyərlərini dəstəkləməyin zəruri olduğunu bildirib.
özbəkistan və azərbaycanın türk dövlətləri təşkilatı vasitəsilə ortaq irsini və dəyərlərini qoruyub saxladığını deyən komitə sədri hər iki ölkənin sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərdiyini diqqətə çatdırıb.
r.məmmədov, eyni zamanda, bəşər tarixinə mühüm töhfələr vermiş və islam sivilizasiyasının əsas tarixi və mədəni mərkəzlərindən biri kimi tanınan azərbaycanın islam dəyərlərinin qorunmasına xüsusi diqqət ayırdığını qeyd edib. bildirib ki, azərbaycan islam dəyərlərinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir.
komitə sədri, həmçinin konfransın islamın həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vacib platforma olacağına, qlobal sülh və sabitliyin təşviqinə, dinlərarası dialoqun inkişafına töhfə verəcəyinə inamını ifadə edib.






























