bakı, 30 aprel, arhd.media
azərbaycan və iran arasında iqtisadi münasibətlər həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əməkdaşlığa əsaslanaraq inkişaf etməkdədir. bu münasibətlərin konkret beynəlxalq təşkilatlar daxilindəki dinamikası isə təşkilatların formatına uyğun olaraq müxtəliflik göstərir. bununla yanaşı, bütün bu əməkdaşlıqlarda ortaq və oxşar cəhətlər də mövcuddur.
bu sözləri arhd.media-a açıqlamasında iqtisadçı-ekspert eldəniz əmirov söyləyib.
“məsələn, iqtisadi əməkdaşlıq təşkilatı (iət) çərçivəsində azərbaycan və iran əsas üzvlər sırasındadır. bu formatda iqtisadi inteqrasiya, ticarət əlaqələrinin gücləndirilməsi, eləcə də enerji və nəqliyyat layihələrinin birgə həyata keçirilməsi kimi məsələlər ön plana çıxır. xüsusilə “şimal-cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq daha da intensivləşmişdir.
islam əməkdaşlıq təşkilatında isə iqtisadi məsələlərlə yanaşı, mədəni irs, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq mövcuddur. bu təşkilatda da azərbaycan və iran arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir”, - deyə o bildirib
iqtisadçı-ekspertin fikrincə, d8 ölkələri (nigeriya, misir, indoneziya, malayziya, türkiyə, iran və azərbaycan) arasında əməkdaşlıq daha geniş coğrafiyanı əhatə edir. bu platformada ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı texnologiyaları və günümüzün aktual sahəsi olan rəqəmsal iqtisadiyyat kimi məsələlər ön plandadır.
şanxay əməkdaşlıq təşkilatında isə azərbaycan müşahidəçi statusunda çıxış edir, iran isə daimi üzvdür. azərbaycanın çoxşaxəli iqtisadi siyasəti bu təşkilat çərçivəsində də nüfuzunun artmasına səbəb olur. nəticədə, iranla bu istiqamətdə əməkdaşlıq da paralel olaraq genişlənir.
eldəniz əmirov qeyd edib ki, bütün bu təşkilatlar çərçivəsində azərbaycan və iran arasında əməkdaşlığın əsas ortaq xüsusiyyəti, münasibətlərin təşkilatların özündən daha çox birbaşa dialoq və regionda baş verən proseslər əsasında formalaşmasıdır.
“son dövrlərdə iran, azərbaycanın iradə və əzmini nümayiş etdirərək tutduğu yolu dəstəkləməkdədir. hesab edirəm ki, bu amil həm mövcud təşkilatlar daxilində, həm də iki ölkə arasında birbaşa münasibətlərin inkişafına töhfə verəcək,” – deyə iqtisadçı-ekspert əlavə edib.























