Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.


“ARHD.MEDiA” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, yeni Qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib.


Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur.


Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda Məcəllədə edilmiş bu dəyişikliklərə uyğun dəyişikliklər edilir. Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.


Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri içərisində də (DİM-8) yer alır.


Qeyd edək ki, Azərbaycanda son illər qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Həmçinin, ötən il ölkəmiz BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv də qəbul edilib.

 

Baxış sayı: 3 163

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə