bakı, 26 iyun, arhd.media
avropa çempionatı: azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıblar
şimali makedoniyanın paytaxtı skopyedə cüdo üzrə yeniyetmələr arasında avropa çempionatı start götürüb.
arhd.media xəbər verir ki, yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb. onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.
oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. anar quliyev (-50 kiloqram), rəsul əlizadə (-55 kiloqram) və zeyd ələsgərov (-60 kiloqram) bütün rəqiblərini məğlub edərək avropa çempionu olublar.
qızlar arasında isə nərmin ağamirzəzadə (-48 kiloqram) gümüş, gülşən hüseynova (-44 kiloqram) və leyla ələkbərova (-48 kiloqram) bürünc medal əldə ediblər.
beləliklə, azərbaycan yığması avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb. bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.




























