azərbaycan prezidenti ilham əliyev beynəlxalq telekommunikasiya ittifaqının (bti) ümumdünya telekommunikasiyanın inkişafı konfransının iştirakçılarına müraciət ünvanlayıb.
arhd.media president.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:
"hörmətli tədbir iştirakçıları!
sizi beynəlxalq telekommunikasiya ittifaqının (bti) ümumdünya telekommunikasiyanın inkişafı konfransında bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir - ümumdünya telekommunikasiyanın inkişafı konfransının cənubi qafqaz və mərkəzi asiya regionunda ilk dəfə olaraq azərbaycanda keçirilməsi əlamətdar hadisədir. bu, azərbaycan ilə beynəlxalq telekommunikasiya ittifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda, ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir.
telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.
dünya artıq yeni bir rəqəmsal dövrə qədəm qoyub. hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. təəssüf ki, rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də internetə çıxış imkanından məhrumdur. müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. bunun təmin olunması bizim ortaq məsuliyyətimizdir.
kommunikasiya texnologiyaları sahəsi azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib, son dörd ildə sabit artım ritmi qazanıb. bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.
informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. bundan əlavə, "azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.
azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. sima adlı biometrik rəqəmsal imza sistemi artıq 3.6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. təsadüfi deyil ki, azərbaycan bmt-nin "elektron hökumətin inkişafı indeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olub. məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.
ümumdünya telekommunikasiyanın inkişafı konfransına ev sahibliyi edən bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. konfrans çərçivəsində, eyni zamanda, bakı şəhərində bti-nin regional akselerasiya mərkəzinin açılması planlaşdırılır. bti-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcək.
əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək, milyardlarla insanın həyatına öz təsirini göstərəcəkdir.
sizə bir daha ən xoş arzularımı yetirir, məhsuldar müzakirələr, tədbirin işinə uğurlar arzulayıram".




















