birləşmiş millətlər təşkilatının uşaq fondunun (unicef) azərbaycan nümayəndəliyi və azərbaycan respublikası səhiyyə nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin (isim) birgə təşkilatçılığı ilə “tərəqqiyə təhdid” hesabatının təqdimatı keçirilib.
dövlət gömrük komitəsinin tibbi xidmət idarəsinin rəis müavini dosent ismayıl əfəndiyev tədbirdə təqdimatla çıxış edərək diqqəti iqlim təhlükələrinin uşaqların sağlamlığına təsirlərinə yönəldib, azərbaycanda gənc nəslin ətraf mühit amilləri ilə bağlı sağlamlıq vəziyyətinin təhlilini verib.
həmin aktual mövzu ətrafında aparılan müzakirələrdə dövlət gömrük komitəsinin tibbi xidmət idarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim ceyhun məmmədov, unicef-in azərbaycan nümayəndəliyinin müavini ana dautoviç, unicef-in avropa və mərkəzi asiya regional ofisinin mütəxəssisi rufus edvards, səhiyyə nazirliyinin qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri aynurə zeynalova, isim-in direktoru qəhrəman haqverdiyev və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
müzakirələr zamanı iqlim və ekoloji böhranla mübarizədə əməkdaşlığın genişləndirilməsi, maarifləndirmənin artırılması və səmərəli tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, konkret tövsiyə və təkliflər irəli sürülüb.





















