Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.


“ARHD.MEDiA” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verib.


Bildirilib ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.


Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.


Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi.


 ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.


Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. “SABAH.city” bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

 

Baxış sayı: 4 295

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə