
ABŞ Prezidenti Donald Tramp Çinə iki günlük rəsmi səfər çərçivəsində Pekində Çin lideri Si Cinpinlə görüşüb.
“ARHD.MEDiA” xəbər verir ki, görüş iki ölkə arasında uzun fasilədən sonra keçirilən ən mühüm diplomatik təmaslardan biri kimi qiymətləndirilir.
Si Cinpin ABŞ Prezidentini Xalq Yığıncaqları Sarayının qarşısında rəsmi mərasimlə qarşılayıb. Daha sonra iki lider ikitərəfli görüşə keçib və görüşün əvvəlində qısa bəyanatlar veriblər.
Çin lideri bildirib ki, Çin və ABŞ arasındakı münasibətlər qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıyır: “Çin və ABŞ-nin nailiyyətləri qarşılıqlı fürsət yaradır. 2026-cı il ikitərəfli münasibətlər üçün həlledici ola bilər”.
Donald Tramp isə münasibətlərin daha da yaxşılaşacağına ümid etdiyini bildirib.
Görüşdə Yaxın Şərqdə davam edən müharibə, qlobal enerji təhlükəsizliyi, ticarət əlaqələri və xüsusilə Tayvan məsələsinin müzakirə olunacağı gözlənilir.
ABŞ tərəfi həmçinin Tayvana silah satışları və Honkonqda həbsdə olan media maqnatı Cimmi Leyin vəziyyətini gündəmə gətirməyi planlaşdırır.
Görüşün əsas mövzularından biri də Yaxın Şərqdə gərginliyin artması fonunda atəşkəs və enerji marşrutlarının təhlükəsizliyi olacaq. Xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyətin sabitləşdirilməsi müzakirə ediləcək.
Eyni zamanda, aviasiya, kənd təsərrüfatı və enerji sektorlarında yeni ticarət razılaşmalarının imzalanması gözlənilir. ABŞ tərəfi Çin tərəfindən iri həcmdə “Boeing” təyyarələri, soya və LNG alışı ilə bağlı sazişlərə ümid edir.
Donald Tramp səfərə yüksəksəviyyəli nümayəndə heyəti ilə qatılıb. Nümayəndə heyətində dövlət katibi Marco Rubio, müdafiə naziri Pit Heqset və digər yüksək vəzifəli şəxslər yer alır.
Səfərin növbəti günlərində liderlərin rəsmi şam yeməyi və tarixi məkanlara birgə səfərləri də planlaşdırılıb.
***
Çinin Mərkəzi Televiziyasının məlumatına görə, liderlər arasında görüş başa çatıb.
Danışıqlar iki saatdan çox davam edib.

























